Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan, Bakıdan və regionlardan 500-dən çox gəncin qatıldığı ən böyük gənclər festivalına dövlət himni ilə start verilib. Gənclərlə müxtəlif panellərdə görüşdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Təhlil və strateji araşdırmalar idarəsinin rəisi Hüseyn Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “ASAN Xidmət”in sədr müavini Ceyhun Salmanov, KOB-un İdarə Heyətinin sədr müavini Faiq Abbasov, xalq artisti və dövlət mükafatı laureatçısı Vaqif Mustafayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” layihəsinin rəhbəri Elvin Nəbiyev, teleaparıcı Nərgiz Cəlilova, aktyor Taleh Yüzbəyov, ASAN Radionun direktoru Emin Musəvi, “Belə-belə işlər” layihəsinin redaktoru Səbinə Məlikova, idman jurnalisti Sənan Şəfizadə və kinorejissor Emil Quliyev ilə görüşərək faydalı və əyləncəli zaman keçiriblər. Festival iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidinin çıxışında ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilmiş soyqırımlar haqqında ətraflı məlumatlandırılıblar.
Yay Fest Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin iştirakçılarımız üçün nümayiş etdirdiyi hərbi proqram ilə də yadda qalıb. Hərbi proqram çərçivəsində gənclərimiz müasir silah, avadanlq və texnikalardan ibarət sərgi ilə tanış olub, əsgər və zabit heyətinin nümunəvi çıxışlarını izləyiblər. Düşərgənin sonuncu günündə startap və innovasiya mövzusunda təşkil olunan paneldə innovasiyalar üzrə gənclərin dostu Sərxan Həşimov startaplar haqda gəncləri maraqlandıran məsələlərdən danışıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib.