Ölkə gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək vermək üçün Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Goranboy rayonunda “Marş İrəli” layihəsi həyata keçirilib.
Müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək vermək üçün Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Marş İrəli” layihəsi artıq 2-ci dəfədir ki, reallaşır. Goranboy rayonunda keçirilən layihənin iştirakçıları layihənin açılışına Goranboy şəhərində Şəhidlər xiyabanı, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Heydər Əliyevin heykəlini ziyarət etməklə başlayıblar. Dövlət himninin səslənməsi ilə başlanılan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra andiçmə mərasimi baş tutub. Tədbirdə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Aprel qaziləri, veteranlar iştirak edib.
Gənc əsgərlərimiz düşərgə müddəti ərzində hərbi sıra düzülüşlərini öyrənib, silahla düzgün davranış qaydalarını, silahların təhlükəsizlik texnikalarını, nizamnaməsini öyrədiblər. İştirakçılara hərbiçilər tərəfindən ilkin tibbi yardım təlimi keçirilib. İlkin Tibbi Yardım təliminin ardından komandalar Nə? Harda? Nə zaman? intellektual yarışı üzrə öz güclərini sınayıblar. “Azərbaycan Real Aykido İdman Klubu” nun prezidenti Fariz Abdullayev və onun komandası “Marş İrəli” iştirakçılarına “özünü müdafiə” təlimi keçib.
İştirakçılar şanlı qələbəmizin qəhrəmanları olan Aprel qazilərimizlə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel Zəfərimiz haqqında müzakirələr aparıldı.Atıcılıq təliminin ardından iştirakçılarımız silahla rəftar təlimində iştirak ediblər.
“Marş İrəli” iştirakçıları düşərgə ərazisindən Ballıqaya ərazisində yerləşən “Hər şey vətən üçün” yazılan zirvəyə yürüş ediblər.
Goranboyda düşmənlə təmas xəttinə yaxın bölgədə keçirilən layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissədə vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.