Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətləri uğurla həyata keçirdi.
Layihənin İcra Planına və Tədbirlər Proqramına uyğun Biləsuvar, Sabirabad, Qazax və Şəmkir rayonlarında dövlət qulluğu üzrə region gəncləri üçün təlimlər – informasiya sessiyaları təşkil olundu.
İlk regional təlim bölgənin fəal gənclərinin iştirakı ilə Biləsuvar Gənclər Evində keçirildi. Tədbirin rəsmi açılışında Biləsuvar rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayon gənclər və idman idarəsinin rəisi Azad Quliyev, GİKM Biləsuvar nümayəndəliyinin direktoru Səbinə Hüseynzadə, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova iştirak edirdi.
Qonaqları salamlayan və təlimə uğurlar arzulayan rayon rəsmiləri bu tipli tədbirlərin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin karyera inkişafına, fəal iştirakına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirdilər.
ADTGT sədri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, Gənclər Fondu tərəfindən təşkilatın bu təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və bu etimadın bölgə gənclərinin inkişafına müsbət təsirini sadaladı. Layihə rəhbəri fəaliyyətə başlanan may ayından onlayn ərizə qəbulu aparıldığını, regionlarda dövlət qulluğu sahəsində vəziyyətə dair monitorinq sorğuları aparıldığını və növbəti addım olaraq təlimlərə başlanıldığını və üç gün davam edəcək bu info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq və istəklərinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verdi. Sonra təlimçilər tərəfindən interaktiv metodlarla təlim keçirildi, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparıldı. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırıldı.
Regional təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparıldı və layihə heyəti tərəfindən avqust ayında təşkil olunacaq TOT kursu üçün ən yaxşılar seçildilər.
Növbəti regional təlim – info sessiya Sabirabad rayon icra hakimiyyəti başçısının I müavini Həsən Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, ADTGT rəhbərliyi və layihə heyəti iştirakı ilə Sabirabad Gənclər Mərkəzində bu rayonun və ətraf bölgələrin fəal gəncləri üçün keçirildi. Qazax Gənclər Evində başlayan 3 günlük tədbirin rəsmi açılışında GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edib. Qrafikə uyğun növbəti regional təlim Qazax Gənclər Mərkəzində rayon fəallarının, burada təhsil alan
və işləyən gənclərin və eləcədə GİKM Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanovun, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev və ADTGT rəhbərliyinin və layihə heyətinin iştirakı ilə uğurlu təşkil olundu və bu bölgəni də təmsil edən ən layiqlilər Bakıdakı təlimçilər üçün təlim kursuna seçildilər. Son regional təlim – info sessiya fəal bölgə gənclərinin iştirakı ilə Şəmkir Gənclər Evində keçirildi və burada tədbirin açılışında rayon icra hakimiyyətinin məsul əməkdaşı Səminə Əlizadə, GİKM Şəmkir nümayəndəliyinin direktoru Kənan İbrahimov, rayon gənclər və idman idarəsi rəisinin müavini Elçin Cəfərov, ADTGT rəhbərliyi və layihə heyəti çıxış edərək öz fikirlərini səsləndirdilər və layihənin müsbət əhəmiyyətini qeyd etdilər. Proqrama uyğun 3 gün davam edən təlimin sonunda buradakı gənclərin də bilik və bacarıqları qiymətləndirildi və fəal 5 nəfər gənc TOT kursu üçün seçildi. Layihə fəaliyyətinin növbəti addımı olaraq, avqust ayında böglərdən seçilən fəal və bacarıqlı gənclərin iştirakı ilə Bakı şəhərində “təlimçilər üçün təlim” kursu (TOT) keçiriləcək ki, burada da gənclər zəngin və geniş proqrama uyğun təlim alacaq və peşəkar yerli təlimçi-ekspert kimi hazırlanacaqlar.