İyunun 27-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Ümumdünya Qaçqınlar Günü”nə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı növbəti festival keçirilib.
Festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.
Festivalın açılış mərasimində çıxış edən Cəbrayıl rayon təhsil idarəsinin müdiri Zamiq Qurbanov bildirib ki, qaçqınlar və məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramında bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məğulluğunun artırılması üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Onların təhsil, səhiyyə və digər problemlərinin həllinda Heydər Əliyev Fondu da fəal iştirak edir.
Bir daha xatırladılıb ki, dövlət ali təhsil müəssilərində ödənişli ixtisaslara qəbul olan məcburi köçkün abituriyentlər təhsil haqqı ödəməkdən azaddırlar. Hər il yüzlərlə gənc bu imtiyazdan istifadə edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün son bir il ərzində Dövlət Komitəsinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkün qəsəbələrində üç dəfə Əmək yarmarkası keçirib. Görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azaldılıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondunun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.
Festival Biləsuvarda məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.