İyunun 27-də Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Dövlət Turizm Agentliyində “Gənclərin Məşğulluq Proqramı” üzrə məsləhətləşmələr aparılmışdır. Tədbirdə çıxış edən Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsini nəzərdə tutan Məşğulluq Proqramı haqqında ətraflı məlumat verib. Daha sonra Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Hüquq və İnsan Resursları şöbəsinin müdiri Mehriban Hüseynova Agentliyin fəaliyyəti haqqında məlumat verib. Gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə dəstək məqsədilə Dövlət Turizm Agentliyinin yaxın gələcəkdə Gənclərin Məşğulluq Proqramına qoşulması barədə razılıq əldə olunub.