Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Skautlar Assosiasiyasının və Heydər Əliyev Fondunun “Toplan” layihəsinin təşkilati dəstəyi ilə “Heyvanlara qayğı göstərək” layihəsi yekunlaşıb.
Layihə sahibsiz küçə heyvanlarının indiki vəziyyəti, onlara qarşı münasibət, bu sahədə olan məlumatsızlığın aradan qaldırılması və s. kimi problemlərin həlli istiqamətinə yönəlib.
Bir neçə mərhələdən ibarət olan layihənin ilkin mərhələsinə azyaşlı skaut dəstələri “Toplan” sığınacağına məlumat turunda iştirak ediblər. Kinoloq onlara ətraflı məlumat verərək, sualları cavablayıb. Növbəti mərhələdə küçə heyvanlarının indiki vəziyyəti və əsasən azyaşlılara istiqamətlənən formatda məlumat çarxının çəkilişi həyata keçirilib. Çarxlarla təqdimat mərasimi və eyni zamanda sosial şəbəkələrdə paylaşılaraq ictimaiyyətə təqdim olunub.
Layihə rəhbəri Əsmər Canməmmədova qeyd edib ki, hazırda yaranan problemlərin çoxu məlumatsızlıqdan irəli gəlir. “Böyüklərin səhv davranışı kiçiklərə örnək olur. Biz bu layihədə çalışdığımız qədər cəmiyyət tərəfindən səhv bilinən məlumatları, qaranlıq qalan məlumatları işıqlandırmağa çalışmışıq. ”
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir.