1 iyun 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Milli Gənclik Forumu keçirilib. Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş meneceri Fəxri Məmmədli çıxış edərək Mərkəzin fəaliyyət istiqamətlərini, 3 ay ərzində həyata keçirilən tədbir və layihələri, gələcək planları qonaqların diqqətinə çatdırmışdır. F.Məmmədli qeyd edib ki, əsası GİKM tərəfindən qoyulan Milli Gənclik forumunun hər il keçirilməsi nəzərdə tutulur və layihənin əsas məqsədi gəncləri motivasiya etmək, iştirakçılar arasında şəbəkələşmə formalaşdırmaq, yeni əlaqələr qurmalarında dəstək olmaqdan ibarətdir.
Forum 5 fərqli sferanın və fərqli yaş kateqoriyasından olan mütəxəssislərin spikerliyi ilə baş tutmuşdur. “Qadınların İştirakçılığı Proqramı”-nın layihə mütəxəssisi Zümrüd Cəlilova “Gender Bərabərliyi” mövzusunda , “Technovate İnkubasiya Mərkəzi”-nin sahibi Fərid İsmayılzadə və SABAH qruplarının əməliyyat direktoru Əsmər Abdullayeva isə peşəkar mühitdə karyera qurmaq imkanları barədə iştirakçılara ətraflı məlumat vermişdir. Fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov uğura gedən yolda elmin, təhsilin böyük əhəmiyyətindən bəhs etmiş, jurnalist, tədqiqatçı və politoloq Elçin Alıoğlu isə gənclərlə çox səmimi ünsiyyət qurub, öz uğurlu həyat hekayəsinin maraqlı məqamlarını bölüşmüşdür. Tədbirdə müxtəlif QHT, özəl şirkət rəhbərləri, ictimai fəaliyyətlə məşğul olan gənclər iştirak etmişlər