[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/Gencler-ve-Idman-Nazirliyinin-BMT-ile-birge-layihesi-120312.jpg” ]
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 01.06.2012-31.12.2013 tarixlərində “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi həyata keçirilir. Layihənin ümumi məqsədi Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.
27 iyun 2012-ci il tarixindən başlayaraq layihədə iştirak etmək üçün gənclər arasında ərizə qəbulu elan edilmiş, layihə haqqında məlumat və müvafiq ərizə forması kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və digər internet resurslarında yerləşdirilmişdir. Nəticə olaraq sözügedən layihədə iştirak etmək üçün 190 nəfər gənc müvafiq ərizə forması ilə Layihənin Seçim Komissiyasına müraciət etmişdir.
Seçim prosesi Layihənin Seçim Komissiyası tərəfindən iki mərhələdə aparılmışdır. Seçim Komisiyyası BMT-nin, Gənclər və İdman Nazirliyinin və gənclərlə iş sahəsində yüksək təcrübəsi olan ictimai təşkilatların nümayəndələrindən təşkil olunmuşdur. 15-31 oktyabr 2012-ci il tarixlərində Seçim Komissiyası tərəfindən göndərilən ərizələr yoxlanılaraq, iştirakçılar üçün əvvəlcədən müəyyən və elan edilmiş kriteriyalar, ərizəçinin yüksək motivasiyası, layihədə iştirak etmək üçün göstərdiyi həvəs və onun gələcək üçün planları dəyərləndirilmişdir. Seçim Komissiyasının qərarına əsasən birinci mərhələni uğurla keçən 93 namizəd ikinci mərhələyə dəvət edilmişdir. Müsahibə mərhələsi 05-15 noyabr 2012-ci il tarixlərində həyata keçirilmişdir.
15-21 noyabr 2012-ci il tarixlərində Seçim Komissiyası tərəfindən ərizəçilərin yekun seçimi aparılmışdır. Seçim zamanı layihənin tələblərinə cavab verən, qeyd olunan sahədə yüksək motivasiyaya sahib olan, öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, gələcəyin liderləri və dövlət qulluqçuları olmaq istəyən gənclərə üstünlük verilmişdir. Gender və coğrafi balans nəzərə alınaraq, Seçim Komissiyasının qərarına əsasən yüksək nəticə göstərən 50 nəfər gənc layihədə iştirakçı olaraq seçilmişdir. Komissiyasının rəyinə əsasən az nəticə əldə edən gənclərin gözləmə siyahısı hazırlanmışdır. Müəyyən səbəblərdən hər hansı bir finalçının layihədə iştirak etməyəcəyi təqdirdə, gözləmə siyahısında olan gənclər iştirak üçün dəvət olunacaqdır.
Seçilmiş şəxslər yuxarıda qeyd olunan şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək və dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcəklər.
Layihəni müvəffəqiyyətlə bitirən iştirakçılara BMTİP və Gənclər və İdman Nazirliyinin Xüsusi Sertifikatları təqdim olunacaqdır.