Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 22-26 mart tarixində “Tələbələrin Liderlik Akademiyası” layihəsi keçirilib. Layihə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində keçirilib. Layihənin açılış mərasimində ATGTİ sədri Faiq Məmmədov çıxış edərək, layihədə iştirak hüququ qazanan tələbələri qazandıqları uğur münasibətilə təbrik edib. O, iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış etdikdən sonra, ATGTİ-nin katiblik üzvlərini, komanda kapitanlarını və layihədə qonaq qismində iştirak edən təlimçiləri iştirakçılara təqdim edib. Faiq Məmmədov nitqinin sonunda bütün komandalara mübariz olmağı və sağlam rəqabət aparmağı tövsiyə edib. “Tələbələrin Liderlik Akademiyası” layihəsində iştirak edən 100 tələbə 4 komandada – “Su”, “Od”, “Yel” və “Torpaq” komandalarında bölünüb. Komandalar 22 mart tarixində Bakıdan Daşkəsənə yola düşmüş, elə həmin gündən də yarışmaya start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək mütəxəssislər yetişdirmək idi. Tələbələrə peşəkarlar təlimçilər – Expressbank-ın əməkdaşları Nurxan Babayev, Faiq Musayev, F&X Academy Group-un təsisçisi Fəxrəddin Abdullayev və Brandmaker Exclusive -in satış meneceri və təsisçisi Fərid Məhərrəmli tərəfindən “Emosional intellekt”, “Peşəkar mütəxəssis”, Fikrin formalaşdırılması” və “Rəqəmsal marketinq” mövzularında təlimlər keçirilib. İştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olub, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdiriblər. Akademiyanın sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak ediblər.Beləliklə, qalibiyyət uğrunda aparılan 4 günlük mübarizənin sonunda həmrəylik qalib gəlib, bütün komandalar qalib elan olunaraq, iştirakçılar fərqlənmə diplomu ilə təltif olunublar.