28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılğı ilə Sabunçu Gənclər Evində həyata keçirilən “Mən də ƏSGƏRƏM” layihəsi başa vurulmuşdur. Layihənin əsas məqsədi gənclərin vətənpərvər ruhda böyüməsi, xalqının vətənpərvər övladlarının həyat yolu ilə tanış olmaları, həmçinin gənclərin orduya, əsgərə hörmətlə yanaşmalarını tərənnüm etmək üçün sosial çarxların hazırlanması olmuşdur. Layihə çərçivəsində çox maraqlı iki videoçarx hazırlanmış və görülən işlər haqqında məlumatlandırma, həmçinin hazırlanan bu videoçarxların təqdimatı keçirilmişdir.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra “İnnovasiyaya Doğru” Gənclərə Dəsətək İctimai Birliyinin sədri Rəşad Cəfərov Gənclər Fondunun fəaliyyəti və təşkilatın həyata keçirdiyi “Məndə də ƏSGƏRƏM” layihəsi haqqında məlumat vermişdir. O, çıxışında bildirmişdir ki: “Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Hər bir ordunun güclü əsgərə ehtiyacı var. Vətənpərvər gənc qəhrəman gənc, qəhrəman gənc isə güclü ordu deməkdir. Sözsüz ki, Azərbaycan ordusu bölgənin ən güclü ordularındandır. Buna baxmayaraq hər bir ölkədə əsgərə mənəvi dəstək, hörmət bu ölkənin ordusunun başını həmişə uca edilmişdir. Gənclər arasında əsgərə hörmət hissinin aşılanması vacib şərtlərdəndir. Müharibə şəraitində yaşayan hər bir ölkənin isə buna daha çox ehtiyacı var.”
Bu çıxışdan sonra tədbir iştirakçıları layihə çərçivəsində hazırlanan videoçarxları izləmişlər. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov çıxış edərək videoçarxların çox təsirli alındığını söyləmişdir. Belə bir təşəbbüsün gənclər tərəfindən atılmasını alqışlamışdır. Digər çıxışçılar da bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulamışlar.