19-21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki rayonunda “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi keçirilmişdir. Tədbiri giriş sözləri ilə açıq elan edən layihə rəhbəri Aidə Səlimova iştirakçılara layihə haqqında məlumat vermiş, təlimlərin psixologiya ixtisası üzrə təhsil alan gənclərin maarifləndirilməsi məqsədilə keçiriləcəyini qeyd etmişdir. Əsas vəzifəsi region gəncləri arasında psixi sağlamlığın fəaliyyətdə təşviqinin artırılması və Şəkidə psixologiya ixtisası üzrə təhsil alan tələbələrlə Bakıdakı psixologiya tələbələri arasında şəbəkələşmənin yaradılması olan “Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının psixologiya tələbələri ilə həyata keçirilmişdir. 3 gün davam edən təlimlər zamanı layihə iştirakçılarına “Psixi sağlamlıq, ilkin psixoloji yardım”, “Psixi sağlamlıq fəaliyyətində könüllülüyün təbliği”, “Psixi xəstəliklər və onların profilaktikası”, “Psixoloji yardım və psixoloji xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumatlar verilmiş, mövzulara uyğun qrup işləri aparılmışdır. Daha çox təcrübi istiqamətdə davam edən təlimlərin sonunda iştiakçılar psixoloji konsultasiyaya cəlb olunaraq, real konsultasiya zamanı düzgün psixoloji iş və psixoterapevtik metodlar barədə də praktiki biliklər əldə etmişlər. Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında düzgün və sağlam psixi inkişafla bağlı maarifləndirmə kampaniyasının başlanılması, gündəlik həyatda rast gəlinən psixoloji problemlər barədə ilkin məlumatların əldə olunması və onların həlli barədə psixodiaqnostik işlərin həyata keçirilməsi və bu bacarıqların formalaşdırılması olmuşdur. Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün iştirakçılara məlumatlandırıcı bukletlər paylanılmışdır. Təlimlərin sonunda isə layihə iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.