21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə ADPU-un Filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsi çərçivəsində ADPU-un Heydər Əliyev adına Lektoriyasında iştirakçı tələbələrlə ilk görüş keçirilmişdir.
ADPU-un Filologiya fakültəsinin dekanı professor Mahirə xanım Hüseynova giriş sözü ilə çıxış edərək mütaliənin əhəmiyyətindən, onun gənclərin bir şəxsiyyət kimi formalaşmasındakı rolundan söz açmış, tələbələrlə öz təcrübələrini bölüşmüş, onlara uğurlar arzulamışdır.
Tədbirin moderatoru, ADPU-un V kurs tələbəsi, ADPU TGT sədri Taleh Budaqov iştirakçı gəncləri salamlayaraq onlara son illər ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsi təcrübəsindən məlumat vermiş, hər bir gənci həm tədrisdə, həm mütaliədə, həm də ictimai fəaliyyətdə aktiv iştiraka çağırmışdır. Sonra o sözü layihə rəhbəri Lamiyə Rzayevaya vermişdir. Tələbə olan Lamiyə xanım öncə onda layihənin ideyasının necə yarandığı, layihənin icrasında Gənclər Fondu və ADPU rəhbərliyi və ictimai təşkilatlarının ona yaxından kömək göstərmələrini qeyd edərək bildirmişdir ki, hər bir gənc addım atmaq istəyərsə, bunu mütləq bacaracaqdır. Çünki, onun arxasında dayanan müstəqil və məqsədyönlü bir dövlət var. O iştirakçılara uğurlar arzulamışdır.
Sonra müsabiqənin münsiflər heyəti elan olunmuş və münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənilmişdir. Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edərək, əsər əsasında inşa yazacaqları əsərlərin adları açıqlanmışdır. Bunlar, Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir. Ardınca isə, mövzu üzrə Taleh Budaqovun moderatorluğu ilə iştirakçılarla müzakirələr aparılmışdır.
Qeyd edək ki, layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırmaq, sosial aktivliyi inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və inşa yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.