Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri üzrə 3-cü yer uğrunda final oyunu keçirilmişdir.
Qazax Olimpiya İdman Kompleksində reallaşan bürünc medallar uğrunda görüşdə A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası ilə S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin idmançıları qarşılaşmışdır. Gərgin mübarizəyə səhnə olan oyun A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçularının 9:6 hesablı qələbəsi ilə başa çatmış və onlar yarışın bürünc medallarına yiyələnmişlər.
Daha sonra “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin həlledici qarşılaşması baş tutmuşdur. Finala qədər hərəyə 2 oyunda qələbə qazanan Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası ilə Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin şagirdləri üz-üzə gəlmişdir. Oyunboyu daha üstün təsir bağışlayan M.Hüseyn adına məktəb-liseyin yeniyetmə basketbolçuları 13:4 hesabı ilə qalib gələrək çempion olmuşlar.
Yekunda ilk 3 yeri tutan kollektiv diplom və medallarla təltif olunmuşdur. Yarışın qalibi olan Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası həmçinin “Həmrəylik kuboku” ilə mükafatlandırılmışdır.