15 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qazax Gənclər Mərkəzində “Şəhidliyin Adil zirvəsi” adlı layihə çərçivəsində çəkilmiş eyniadlı filmin sonuncu təqdimat mərasimi keçirilmişdir.
İlk öncə, Qazax Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmməd Alıyev tədbiri açıq elan etmiş və şəhid Adil Tatarovun, eləcə də, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi və filmin prodüsseri İsmayıl Süleymanov layihə və film barədə ətraflı məlumat vermişdir. Bundan sonra film nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra şəhid Adil Tatarovun atası Əli Tatarov çıxış edərək, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirmişdir. “Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin” Qazax rayon şöbəsinin əməkdaşı, Qarabağ qazisi Namiq Alıyev, media nümayəndəsi Ələddin Qarayev, şair, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Mustafa Rasimoğlu, gənc şairə Səbinə Yusif, Nuranə Təbriz və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində bu cür filmlərin müstəsna rol oynadığını vurğulamışlar.
Yekunda filmin yaradıcı heyəti səhnəyə dəvət edilmiş və heyət adından filmin rejissoru Allahverdi Musayev, təqdimat mərasiminə təşrif buyuran hər kəsə təşəkkürünü bildirmişdir. Sonda tədbir iştirakçılarına filmin diskləri paylanılmışdır.
Qeyd edək ki, Adil Tatarov 2018-ci ilin may ayında Naxçıvan MR-nın Günnüt kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.