Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 7-9 fevral 2019-cu il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bilik yarışması keçirilmişdir.
Tədbir Azərbaycan Xalq Cümhuriyyəti himninin səslənməsi ilə başlamış və sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı qısa videoçarxın nümayişi ilə davam etdirilmişdir.
Açılış mərasimində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının baş katibi Aytən Əliyeva çıxış edərək qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Layihənin başlıca məqsədi yerli gənclərə, Azərbaycanda təhsil alan xarici gənclər təşkilatlarının nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verməkdir. Eyni zamanda tariximizin bu mühüm hadisəsinin unudulmasına imkan verməməkdir.
Aytən Əliyeva bildirmişdir ki, ittifaq yeganə platformadır ki, Avropadan, Asiyadan, Afrikadan olan gənclər təşkilatlarını özündə birləşdirir. Biz əsasən, beynəlxalq layihələr həyata keçiririk. Azərbaycanda fəaliyyət göstərdiyimiz üçün yerli layihələr həyata keçirməyi, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərə də mövqe bildirməyi özümüzə borc bilirik. “Ölkə Prezidentinin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdur. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı da bununla bağlı layihə keçirməyi qərara almışdır.
Bilik yarışmasında hər komandada 5 nəfər olmaqla 16 komandadan iştirak etmişdir. Yarış 3 gün davam etmişdir. Yarışın birinci və ikinci günü yarımfinal, 3-cü günü isə final baş tutmuşdur. Final mərhələsində Maqnatlar, Asan Könüllüləri, 5D və Qladius komandaları iştirak etmişlər. Yarışın hər bir sualı AXC-nin tarixi və tarixi faktlar əsasında tərtib olunmuş və hər biri 10 bal dəyərində qiymətləndirilmişdir. Bilik yarışının qalibi Qladius komandası seçilmişdir.
Yarışın ekspertləri AMEA-nın Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin elmi işçisi Aygün Əzimova, müstəqil ekspert Natiq Nəsirov, İntelektual yarışlar üzrə ekspert Ayan Bəşirzadə və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının nümayəndəsi Zərifə Qəhrəmanlı olmuşdur.