Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Hər ağac bir nəfəsdir” adlı layihə reallaşdırılmışdır. Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olan layihənin əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətini stimullaşdırmaq və gənclərin mövcud problemlər haqqında müəyyən məlumatlara sahib olmasını, bizi əhatə edən aləmin qorunmasında yaxından iştirak etməsindən ibarətdir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Əsgərli öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirmiş, layihənin əsas məqsəd və hədəflərindən söz açmışdır. Növbəti çıxış üçün söz YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nigar Məmmədovaya verilmişdir. O, layihə rəhbərini təbrik etmiş və bu kimi layihələrin gənclər üçün önəmini vurğulamışdır.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə UNEC professor heyəti, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Tələbə Elmi Cəmiyyətinin üzvləri (TEC) və İqtisadiyyat fakültəsinin rəhbərliyi, UNEC-in tələbə təşkilatlarının rəhbərləri və təşkilat fəalları iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi kimi ümumbəşəri problemlər haqqında məlumat vermişdir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanmasının ekoloji təhlükəsiz və iqtisadi baxımdan davamlı inkişafın formalaşdırılması hesabına mümkün olması təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.
İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev çıxışında “Hər ağac bir nəfəsdir” layihəsini yüksək dəyərləndirməklə, qiyabi təhsil alan tələbələrlə yanaşı İqtisadiyyat fakültəsinin Ekologiya ixtisasının tələbələrinin də layihədə fəal iştirakını qeyd etmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənmiş dövlət siyasətini ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirmişdir. Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müdiri professor Validə Mehtizadə çıxışında bu cür elmi tədbirlərin qiyabi təhsil alan tələbələr üçün keçirilməsini müsbət dəyərləndirmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin aktuallığının layihədə əks olunması qeyd olunmuşdur.
Layihənin davamında müvafiq mövzuda növbəti təlim keçirilmiş və “Hər ağac bir nəfəsdir” layihəsi çərçivəsində layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunuraq, xatirə şəkli çəkdirilmişdir.