Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Gənclərin Karyera İmkanları Azərbaycan Modeli” layihəsi çərçivəsində Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumu keçirilmişdir.
ABŞ, İtaliya, Finlandiya, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin qatıldığı plenar açılışı salamlama çıxışı ilə ADTGT sədri Asif Əsgərli açmışdır. Layihə və beynəlxalq tədbirin məqsəd və fəaliyyəti haqqında danışan natiq Forumun karyera və məşğulluq sahəsində xarici və yerli gənclər üçün yaxşı bir informasiya-təcrübə mübadiləsi olduğunu bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə şöbə müdiri Seymur Hüseynov, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı, “Gilan Agriculture” Qrupun HR direktoru Emil Hüseynov, Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Kənan Bağırov çıxış edərək Forumun işinə uğurlar arzulamışlar və bu kmi beynəlxalq tədbirlərin gənclər üçün vacib əhəmiyyətini vurgulamışlar.
Foruma qatılan əcnəbi gənc liderlərdən Türkiyə təmsilçisi Erdem Guler, Rusiya nümayəndəsi Yekaterina Alekseyeva, Ukraynalı Nadia Qovorun, Moldovadan olan Nikolay Russu və Gürcüstan təmsilçisi Zurab Gventsadze toplantıya öz təbriklərini çatdıraraq, bu 5 gün ərzində azərbaycanlı həmkarları ilə maraqlı mövzularda müzakirə və fikir mübadiləsi aparacaqlarından qurur duyduqlarını qeyd edərək, ADTGT-yə onları dəvət etdiklərinə görə təşəkkürlərini bildirmişlər.
Daha sonra Forum öz işini panel müzakirələri ilə davam etdirmişdir. Hökumət strukturu məsulları, Dövlət Məşğulluq Xidməti əməkdaşları və özəl sektor təmsilçilərinin də qatıldığı “Gənclərin karyera və məşğulluğu sahəsində qlobal trendlər”, “Azərbaycan gənclərinin karyera və məşğulluq modeli: problemlər və nailiyyətlər” adlı panellərdə həm əcnəbi həm də yerli gənclərin maraqlı müzakirələri olmuş, mövzularla bağlı təqdimatlar keçirilmiş və qiymətləndirmə aparılmışdır.
Xatırladaq ki, “Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında keçirilən Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təbliğini və gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva etmişdir.