Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Sabunçu rayonunda yerləşən 74 saylı tam orta məktəbdə icra olunan “Tarix və milli dəyərlərə hüquqi baxış” adlı fərdi layihənin ilk təlimi keçirilmişdir. Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan II kurs tələbəsi Zəmirə Səyyadlı layihə haqqında auditoriyaya ətraflı məlumat verərək bildirmişdir ki, milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bütün dünyaya nümayiş etdirir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.
Daha sonra isə layihənin mövzusu barədə daha geniş və adında qeyd olunduğu kimi hüquqi baxışın sərgilənməsi üçün söz hüquqşünas Esmira Tağıyevaya verilmişdir. Təlimçi Esmira Tağıyeva tarixi və milli dəyərlərimizin qorunmasının hər bir azərbaycanlı üçün vətəndaşlıq borcu olduğunu vurğulayaraq bu məsələlərin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qanunlar haqqında məruzə ilə çıxış etmişdir.
Təlimin sonunda layihə iştirakçıları sertifikatlarla təltif olunmuşdur.