Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!” layihəsi davam edir.
Layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.
Layihə rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə doqquz təlimi əhatə edən, 3 ay müddətində davam edəcək layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunacaqdır. Layihənin növbəti təlimləri Şabran rayonu 5 saylı tam orta məktəbdə keçirilmişdir. Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirilmişlər. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirilmişdir. Müzakirələrdə aktiv olan 10 gənc diplomla təltif olunmuşdur. Qarşıdakı günlərdə təlimlər Şabran rayon Şahnəzərli kəndində davam edəcəkdir.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcəkdir.