25-27 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən Lənkəran şəhərində “Yol hərəkəti qaydalarına hamılıqla riayət edək” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının 13 yaşayış məntəqəsindən (Astara, Bakı, Füzuli, Göyçay, Kürdəmir, Qazax, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Sumqayıt, Şabran, Şəmkir) olan 25 nəfər gəncin iştirakı ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlanılmışdır. Təlim kurslarında 15 nəfər oğlan və 10 nəfər qız iştirak etməkdədir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin müfəttişi kapiatan Emil Vəliyev, təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil cənab Ehtiram Fəttayev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında yol hərəkəti qaydalarına dair bir çox mövzuların: “Yol hərəkəti qaydaları haqqında ümumi məlumat, Yol hərəkəti iştirakçıları kimlərdir? Yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri nələrdən ibarətdir? Yol-nəqliyyat hadisələri ilə əlaqədar BMT-nin və ÜST-nın statistik məlumatları, Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası və onların təhlili, Gündəlik yol hərəkəti qaydaları hansılardır? Əsas yol hərəkəti nişanları və onların təsnifatı, DİN: Yol hərəkəti qaydalarının pozulması zamanı baş verən cinayət hadisələrinin statistikası, baş verən yol hərəkəti qaydalarının pozulması və onların səbəblərinin araşdırılması, yol-nəqliyyat hadisələri və onların fəsadlarının qiymətləndirilməsi, yol-qəza hadisələri və onların həlli yollarının müzakirəsi, Yol-qəza hadisələri ilə mübarizə sahəsində milli və beynəlxalq təcrübənin müqayisəli təhlili, Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutuan məsuliyyət – inzibati cərimələr, Yol-nəqliyyat hadisəsini törədən şəxsin əməlində məsuliyyətin müəyyən edilməsi və qanunun tətbiqi, Yol-nəqliyyat hadisəsinə məruz qalan şəxslərin hüquqlarının təmin olunması üsulları,Yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının aparılması mexanizmləri – sosial aksiyaların təşkili, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində aidiyyəti qurumların rolu, Azərbaycanda yol-nəqliyyat hadisələri ilə mübarizə sahəsində QHT-lərin yeri və rolu, Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilə biləcək müvafiq tədbirlər” müzakirə olunması və 3 günlük təlim sessiyası ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.
Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.