14-15 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin ilk təlimləri 2 saylı Bakı Baza Tibb Kollecində keçirilmişdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən təlimlərdə 25 nəfər tibb kollecinin tələbəsi iştirak etmişdir. İlk növbədə layihənin rəhbəri Şəhla Mirzəzadə giriş sözü ilə çıxış edərək layihənin tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği məqsədi ilə icra olunduğunu qeyd etmişdir. Layihə çərçivəsində iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sesiyaları təşkil olunmuşdur. Eyni zamanda ekspert İlahə Mirzəzadə tərəfindən sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs olunmuş və ekspertin səhiyyədə könüllülüklə bağlı təcrübələri dinlənilmişdir. Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara layihə çərçivəsində çap edilmiş maarifləndirici bukletlər paylanılmış və sonda sertifikatlar təqdim olunmuşdur.