10 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 2018-ci ildə 11-ci qrant müsabiqəsinin qalibi, 01 Dekabr 2018-ci il tarixdən icrasına başlanmış “Gənclərin biznes bacarıqlarının artırılması və sahibkarlıq ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Biləsuvar Gənclər Evində gənclər üçün məlumatlandırma sessiyası təşkil edilmişdir. Tədbirdə 17-25 yaşarası 27 nəfər gənc iştirak etmişdir.
Tədbirə giriş sözü ilə başlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbinə Hüseynzadə dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və ictimai birliyə fəaliyyətində uğurlar arzulamışdır. Növbəti çıxışda “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərə göstərdiyi xidmətlər, təşkilat haqqında, layihə və layihənin məqsədləri, layihə çərçivəsində biznes bacarıqlarının artırılması ilə bağlı Lənkəran rayonunda təşkil olunacaq 3 günlük təlim və müsabiqə barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Tədbirdə iştirak edən gənclərdən Könül Mahmudova, Nasir Yarıyev, Mirnuhəli Şammədzadə və digərləri layihə çərçivəsində keçiriləcək təlim və müsabiqə barədə maraq, istək və təkliflərini bildirmiş, onları maraqlandıran sualları təşkilatçılara ünvanlamışlar. Onlar həmçinin dövlətin gənclər üçün yaratdığı imkanları yüksək qiymətləndirərək, belə layihələrin davamlı olmasını arzu etmişlər.
Yekunda gənclərin böyük hissəsi təşkilat tərəfindən hazırlanmış xüsusi müraciət formalarını dolduraraq layihə fəaliyyətlərində təmsil olunaraq biznes sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində istəklərini bildirmişlər.
Məlumat üçün qeyd edək ki, növbəti silsilə tədbirlər 15 yanvar Yardımlı, 23 yanvar Lerik, 26 yanvar 2019-cu il tarixində isə Lənkəran rayonunda təşkil ediləcəkdir. Yekun tədbir isə Biləsuvar, Yardımlı, Lerik və Lənkəran rayonlarından seçilən gənclərin iştirakı ilə 15-17 Fevral 2019-cu il tarixində Lənkəran rayonunda 3 günlük təlim və müsabiqə formatında həyata keçiriləcəkdir.
Layihənin həyata keçirilməsində məqsəd biznes qurmaq ideyası olub sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gəncləri üzə çıxarmaq, onlara öz ideyalarını reallaşdırmaq üçün dəstək olmaqdan ibarətdir.