Avropa Parlamentində təcrübə proqramı yekunlaşdı

265

06-15 noyabr 2018-ci il tarixləri aralığında Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Avropa Parlamentində (Brüssel) təcrübə proqramı  üzrə müsabiqədə qalib gələn 20 nəfər gənc 09-22 dekabr 2018-ci il tarixlərində Belçika Krallığının Brüssel şəhərində təcrübə səfərində olmuşdur.
Təcrübənin ilk günü gənclərimiz Avropa İttifaqının inkişaf proqramları və Avropa İnkişaf və Əməkdaşlıq Ofisi, Dayanıqlı İnkişaf məqsədləri siyasəti, region qonşuluğunda Avropanın fəaliyyəti, Azərbaycan, Ermənistan, Belarus və Şərq tərəfdaşlığı mövzuları üzrə spikerlər Karen del Biondo, Ludovika Fabbri, Dr Filip Perişokla görüşlər keçirmiş və gəncləri maraqlandıran mövzular üzrə müzakirələr aparmışlar.
Səfərin ilk günlərində nümayəndə heyəti Avropa Parlamentində kurasiyanı həyata keçirən keçmiş AP deputatı Frank Şvalba-Hot gənclərə Avropa Parlamentində tur keçmiş onlara Parlamentin strukturu, iş metodu, iş rejimi, məqsədləri haqqında ətraflı məlumat vermişdir. Təcrübənin növbəti günü video vasitəsi ilə Kiprin Prezidenti Nikos Anastasiadisin Avropanın gələcəyi mövzusunda debatını izlədikdən sonra gənclər bu mövzuda müzakirə aparmışlar.
Təcrübə zamanı gənclər Avropa Şurasının strukturu və fəaliyyəti haqqında məruzəyə qulaq asmış, sonra isə gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Müzakirələrdən sonra gənclər Avropa Tarix Evində ekskursiyada olmuşlar.
Səfər zamanı baş verən önəmli hadisələrdən biri 14 dekabr tarixində Avropa İttifaqının üzv ölkələrinin Prezidentləri və Baş Nazirlərinin Avropa Komissiyası iclasının gənclər tərəfindən izlənilməsi olmuşdur.
Daha sonra gənclərimiz Avropa Komissiyasında görüşdə olmuş, komissiyasının fəaliyyəti haqqında təqdimat Stefan Verhoven tərəfindən diqqətə çatdırılmış və Avropa Parlamentinə gəzinti təşkil edilmişdir.
Səfər çərçivəsində Belçikanın Xarici İşlər Nazirliyində Mark Franko (Səfir, Eqmont İnstitutu nümayəndə heyətinin rəhbəri) və Piter Van Loo (Qafqaz və Mərkəzi Asiya üzrə mütəxəssisi) ilə görüşlər keçirilmişdir. Səfərin yadda qalan görüşlərindən biri NATO-da Ümumi Diplomatiya Departamentinin eksperti Despina Afentuli ilə NATO-nun fəaliyyəti və tərəfdaşlıq siyasəti haqqında gənclərlə müzakirələrin həyata keçirilməsi olmuşdur.
Daha sonra Azərbaycan Respublikasının NATO daimi nümayəndəliyinin rəhbəri Qaya Məmmədovla görüş keçirilmişdir.  Görüş cərçivəsində nümayəndə heyəti Avropa Ekologiya Bürosunun rəhbəri Nik Meynenlə və Vilfrid Martens Avropa Araşırmalar Mərkəzinin nümayəndəsi ilə görüşlərdə iştirak etmişlər.
Səfər müddətində  Avropa Xarici İşlər Hərəkat Xidmətində Şərq Tərəfdaşlığı şöbəsinin sədr müavini Dirk Lorenz ilə görüş keçirilmişdir. Görüşün əsas mövzuları Dağlıq Qarabağ  münaqişəsi üzrə Avropa İttifaqında görülmüş işlər, aparılmış tədqiqatların nəticələri və gələcək perspektivləri müzakirə olunmuşdur. Şərq Əməkdaşlığı proqramı çərçivəsində Avropa İttifaqının Azərbaycanla münasibətləri, Azərbaycanlı sahibkarlara maliyyə, təlim və digər yollarla EU4Business proqramı çərçivəsində göstərilən dəstək və digər məsələlər üzrə müzakirələr aparılmışdır.
Səfər çərçivəsində Avropa Siyasət Mərkəzində Spinelli Qrupunun Prezidenti Endryu Daff və Baş Siyasi Müşavir Amanda Polla görüş xüsusi ilə fəal müzakirələrlə yadda qalmışdır. Beləki, görüşün əsas mövzuları Birləşmiş Krallığının Avropa İttifaqından çıxması ilə bağlı və onun Avropa və Birləşmiş Krallıq üçün nəticələri olmaqla yanaşı, Azərbaycanın xarici işlər siyasəti çərçivəsində Avropa İttifaqı ilə münasibətləri müzakirə  olunmuşdur. Səfərin son günündə gənclər Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşdə olmuşlar. 20 dekabr tarixində Avropa Parlamentinin üzvü Andreys Mamikinslə proqram üzrə nəzərdə tutulan görüşlər yekunlaşdırılmışdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi istiqaməti üzrə həyata keçirilən ilk təcrübə səfəri 22 dekabr 2018-ci il tarixində başa çatmışdır.