“Yeni media:problemlər və perspektivlər” layihəsinin müzakirəsi keçirilmişdir

79

24 dekabr 2018-ci il tarixində Azərbaycan Resublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan Qurban Qəhrəmanovun “Yeni media: problemlər və perspektivlər” adlı layihəsinin ilk müzakirəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin müavini Şahmar Rəfili tələbələri salamlayaraq onlara layihə haqqında məlumat vermis və əlavə etmişdir ki, təmsil etdiyi universitet daima gənclərlə bağlı təşəbbüsləri dəstəkləyir, onlara qayğı göstərir.
Layihə ilə bağlı ekspert qismində çıxış edən www.Aktor.az saytının təsisçisi Telman Məmmədov öncə Azərbaycan dövlətinin gənclərə qayğısından, ölkə başçısı İlham Əliyevin bu yaş kateqoriyasından olan şəxslərə geniş imkanlar yaradılmasına dair göstəriş verməsindən danışaraq, Gənclər Fondunun geniş fəaliyyətini buna nümunə göstərmişdir. Sonra o, müzakirə olunan mövzunun vacibliyindən, bu yöndə gənclərin üzərinə düşən vəzifələrdən bəhs etmişdir. Ekspert bildirmişdir ki, müasir dünyada baş verən siyasi proseslər, xüsusən də regionda cərəyan edən hadisələr internet media və sosial şəbəkələrdən duzgün və səmərəli istifadəni, həmçinin çeşidli şəkildə fəaliyyəti labüd edir.
T.Məmmədov əlavə edib ki, bu gün dünya mediası ilə bağlı bir nömrəli müzakirə mövzusu internet medianın tənzimlənməsi ilə bağlı görüşlərdir. Bu növ medianın fəaliyyətinə hansı mexanizmlərin tətbiq edilməsi olduqca aktual hesab edilir. Azərbaycan bu sahədə yenidir. Yeni media resursları əslində yayımlanmasına və tirajlanmasına görə medianın xüsusiyyətlərini daşıyır. Bu, Azərbaycan qanunvericiliyində – “KİV haqqında” qanunda, Azərbaycan Konstitusiyasının 47-ci, 50-ci maddələrində və sair sənədlərdə öz əksini tapmışdır. Ekspert bu yöndə gənclərə uğurlar arzulamışdır.
Çıxış edən layihə rəhbəri Qurban Qəhrəmanov həmkarlarını salamlayaraq, onun təşəbbüsünü dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkür etmiş və zaldakı tələbələri də fəallığa səsləmişdir.
Növbə ilə çıxış etmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Rahat Qəribov və Zəminə Əsgərova da mövzu ilə bağlı gənclərə müraciət edərək virtual aləmdə Azərbaycanın milli maraqlarının qorunmasının vacibliyini dilə gətirmişlər.
Təlimin gedişatında tələbələrin sualları cavablandırılmış, iştirakçılara sertifikat, buklet və əyani vasaitlər təqdim edilmişdir.
Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.