20 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində qalib olmuş “Gənc mütaliəçilər klubu” layihəsinin Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Biləsuvar Gənclər evində açılış mərasimi həyata keçirilmişdir.
Tədbirdə açılış sözü ilə çıxış edən Firuzə Xammədova layihə haqqında qonaqlara geniş məlumat verərək bildirmişdir ki, “Gənc mütaliəçilər klubu” layihəsi gənclərimiz arasında mütaliə vərdişlərini genişləndirmək, onlarda kitaba olan marağı daha da qüvvətləndirmək, bədii və elmi əsərlərə diqqət hissi oyatmaqdır. Firuzə Xammədova layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları (hadisələri) müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtlarını səmərəli keçirmək olduğunu bildirmişdir. Həmçinin o, çıxışında qeyd etmişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin dilimizə olan diqqət və qayğısı nəticəsində dünya ədəbiyyatından müxtəlif əsərlər Azərbaycan dilinə tərcümə edilərək ümumtəhsil məktəblərinin kitabxanalarına, mərkəzi kitabxanalara pulsuz paylanılmışdır. Bu, onu göstərir ki, cənab Prezidentimizin gənc nəslin ədəbi nümunələrdən istifadə etməklə nitq mədəniyyətlərinin formalaşdırılması, gənclərin lüğəvi ehtiyatlarının zənginləşdirilməsi istiqamətində atdığı uğurlu addımlardan biridir. “Gənc mütaliəçilər klubu” layihəsi gənclər arasında kütləvi şəkildə ədəbiyyata marağı aşılamaqla, onlarda bədii söz sənətinə sevgini oyatmaq, söz ehtiyatlarını zənginləşdirməklə yanaşı mənəvi hisslərini formalaşdırmağa yaxından köməklik göstərir. Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov layihə rəhbərini bu uğurlu layihə ilə qalib olduğu üçün təbrik etmişdir. Bu layihənin gənclərlə iş sahəsində atılmalı olan uğurlu addımlardan biri kimi qiymətləndirmişdir. O, öz çıxışında bu layihənin rayon üçün əhəmiyyətindən və hazırda ölkədə aparılan gənclər siyasətindən geniş məlumat vermişdir. Hətta layihə istiqamətində “Gənc mütaliəçilər klubu”nun Biləsuvar rayonu Gənclər evində yaradılmasını və bunun rayon gəncləri üçün çox faydalı olacağını bildirərək qeyd etmişdir ki, bu istiqamətdə dəstək verməyə hazırdır.
Sonra isə Biləsuvar Rayon Təhsil Şöbəsinin metodisti Elşən Ağazadə, Yuxarı Ağalı kənd ümumi orta məktəbinin direktoru Aqil Bəşirov layihə rəhbərini bu uğurlu layihəyə görə təbrik edərək bildirmişlər ki, həqiqətən də gənc nəslin mütaliə vərdişlərini artırmaq ciddi məsələlərdən biridir. Bu həqiqətən də şagirdlərin və gənc nəslin əsas ehtiyacı olan nüanslardandır. Nitq mədəniyyətinin formalaşması, düzgün danışıq tərzinin inkişaf etdirilməsi, ədəbi dil normalarının qorunub saxlanılması üçün mütaliə vacib şərtlərdən biridir.
“Gənc mütaliəçilər klubu” layihəsinin təlimçisi və eksperti layihənin tədbirlər planı haqqında söz açaraq layihədəki rolları haqqında geniş məlumat vermişlər. Tədbir iştirakçıları layihə haqqında öz fikir və təkliflərini irəli sürmüşlər.
Sonda layihə rəhbəri Firuzə Xammədova layihənin gedişatında layihəyə dəstək verən hər kəsə dərin minnətdarlığını qeyd edərək layihədə iştirak edəcək hər kəsə uğurlar arzulamışdır.