Azərbaycan Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə 30 noyabr – 02 dekabr 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasında “Gənclik Naxçıvanda” düşərgəsi təşkil olunub. Düşərgədə Azərbaycanın onlarla şəhər və rayonundan olan 100-dən artıq fəal gənc və gənclər təşkilatlarının üzvləri iştirak edib.
Səfər gənclərin ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət etməsi və Heydər Əliyev Muzeyində ulu öndərin zəngin irsi ilə tanışlığı il başladı. Burada ümumilli liderin keçdiyi həyat yolu, onun əmək fəaliyyəti barədə geniş məlumat verildi, eyni zamanda Heydər Əliyevə məxsus bəzi şəxsi əşyaların ekspozisiyası nümayiş olundu.
Düşərgənin gedişatında gənclər Muxtar Respublikanın tarixi-mədəni abidələri, muzeyləri, təbiət əraziləri və ali təhsil müəssisələri, o cümlədən Əlincə qalası, Xan sarayı, Əshabi-Kəhf kompleksi və digər yerlərə baş çəkdilər. Təşkil edilmiş təlimlər çərçivəsində digər regionlardan gələn gənclər yerli həmyaşıdları ilə birgə müxtəlif maarifləndirici sessiyası və panellərdə iştirak ediblər. Eyni zamanda, təşkil edilmiş əyləncə proqramları vasitəsilə gənclərin sosiallaşmasına şərait yaradılmışdır.
Düşərgənin rəsmi açılışı zamanı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Muxtar Respublikanın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov cənab Prezidentin rəhbərliyi altında ölkədə həyata keçirilən gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar barədə iştirakçılara məlumat verdilər. Sonda iştirakçılar sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, “Gənclik Naxçıvanda” düşərgəsi Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində həyata keçirilib.