7-18 sentyabr 2018-ci il tarixləri arasında Azərbaycan Respublikasının Gənclər Fondu Bakı şəhəri və regionlarda fəaliyyət göstərən gənclər təşkilatları və gənclər ilə görüş keçirmişdir.
Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 avqust 2018-ci il tarixində verdiyi Fərmana əsasən Gənclər Fondunun Nizamnaməsində edilən dəyşiklik nəticəsində Gənclər Təşkilatları və gənclər üçün yaradılan yeni imkanlar diqqətə çatdırılmışdır.
Fond tərəfindən yeni dəyişikliklərə əsasən gənclər təşkilatlarının və gənclərin layihələrinin qrant müsabiqələri və müsabiqədən kənar maliyyələşdirilməsi, gənclər təşkilatlarının və gənclər evlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müraciətlərinin, gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi, o cümlədən 16-29 yaşlarında olan gənclərin innovativ (startap) layihələrinin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılması, gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakınının maliyyələşdirilməsi, sosial qayğıya ehtiyacı olan gənclərin ölkə daxilində təhsil xərclərin qarşılanması,11-ci qrant müsabiqəsinin təqdimatı və digər imkanlar barədə gənclər təşkilatlarına və gənclərə ətraflı məlumat təqdim olunmuşdur.
Görüşlərdə xüsusi olaraq qeyd olunmuşdur ki, Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.
Ağdam, Şəmkir, Şamaxı, Şəki, Quba və Şirvan şəhərlərində keçirilən görüşlər zamanı gənclər təşkilatları və gənclərlə müsabiqə zamanı qarşıya çıxa biləcək problemlər və həmin problemlərin həlli yolları təhlil edilmiş, müzakirələr aparılmış iştirakçıları maraqlandıran suallar cavablandırılmış, gənclər təşkilatlarının o cümlədən gənclərin fikirləri və təklifləri dinlənilmiş və təşkilat rəhbərləri ilə fikir mübadiləsi aparılmışdır