“Diaspor Gənclərinin I Yay Düşərgəsi” adlı tədbir keçirilmişdir

392

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə 22-28 avqust 2018-ci il tarixlərində “Diaspor Gənclərinin I Yay Düşərgəsi” adlı tədbir həyata keçirilmişdir. Tədbir Azərbaycanın dilbər guşələrindən olan, qədim mədəniyyətin beşiyi Şəki şəhərində, Marxal Resort&Spa İstirahət mərkəzinin “Yaşıl teatr”ında baş tutub. Açılış mərasimindən əvvəl düşərgə iştirakçıları Ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edir. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb. Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri çıxış edib. Azərbaycan Respubklikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkə rəhbərinin gənclər siyasətindən danışıb, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərinin bu gün reallaşdığını vurğulayıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, onların inkişafı üçün yaradılan şərait barədə danışıb.

Komitə sədri Heydər Əliyev Fondunun, xüsusilə ölkənin Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynadığını bildirib. Gənclər və İdman Naziri Azad Rəhimov Yay Düşərgəsinin xüsusi əhəmiyyətini qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətini anaraq xatırladıb ki, Azərbaycanın ilk diaspor nümayəndələri məhz Cümhuriyyət dövrünün xadimləri olub. Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əlyevin diaspor quruculuğu və inkişafı sahəsindəki xidmətlərindən danışıb. Azad Rəhimov ölkəmizdə gənclərlə bağlı keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edib. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov düşərgənin təşəbbüskarlarına təşəkkürünü bildirib, tədbirin həsr olunduğu Cümhuriyyət dövrünün müstəqil Azərbaycanın tarixindəki rolundan danışıb və bildirib ki, bu gün də Azərbaycan dövləti gənclərə hər bir şəraiti yaradır. O deyib ki, bu gün Azərbaycan xalqı və dövləti gənclərimizlə fəxr edə bilərlər. Gənclər bütün sahələrdə böyük əzmkarlıq göstərirlər.

Daha sonra “Vətən uzaqda deyil” video çarxı, Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi”nin, Diaspor Gənclərinin I Yay Düşərgəsinin videoçarxları nümayiş olunub. Qeyd edək ki, Diaspor Gənclərinin I Yay düşərgəsi boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” təliminin, “Vətəni tanı” adı altında viktorina və yarışları keçirilmişdir. Düşərgədə ekspertlərin iştirakı ilə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və s. kimi mövzularda müzakirələr təşkil olunmuşdur.