[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/NDA_1743.jpg” ]
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:
– Gənclər fondunun bir il ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz? Hansı işlər, layihələri həyata keçirib?
– Bildiyiniz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu cənab Prezident İlham Əliyevin 542 saylı, 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmışdır. Bu yaxınlarda 1 yaşı tamam olacaq Fond qısa müddət ərzində xeyli işlər görmüşdür. İlkin olaraq Fondun saytı (www.youthfoundation.az) hazırlanmışdır. Bütün fəaliyyətimiz sayt vasitəsilə həyata keçirildiyinə görə saytın işlək olması vacib məqamlardan biri idi. Hal-hazırda saytımızda qeydiyyatdan keçmiş 406 QHT və fərdi gənc var. İyun ayında ilk qrant müsabiqəsi elan olunmuş və Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən 15 iyul tarixinədək A kateqoriyası – yerli layihələr üzrə 127, V (beynəxalq layihələr) və S (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunmuşdur. Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, V kateqoriyası üzrə 16 layihə, S kateqoriyası üzrə isə 9 layihə seçilib. D kateqoriyası gənc alimlərin, ictimai, fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və bu kateqoriya il boyu fəaliyyət göstərir. E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlannın Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür. Bu kateqoriyaya da istənilən vaxt müraciət etmək mümkündür. Hal-hazırda həmin qalib layihələr icra olunur. Bununla yanaşı, Fondun həyata keçirdiyi öz layihələri də vardır. Ötən günlərdə keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” Beynəlxalq Forumunda 40-a yaxın ölkədən gənclər iştirak etmişlər. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsi idi. Həmçinin, Fond müxtəlif konfranslarda, tədbirlərdə, layihələrdə partnyor qismində iştirak edir. Azərbaycan Gənclər Fondu növbəti qrant müsabiqəsini yaxın günlərdə elan edəcək. Buna görə də gəncləri və gənclər təşkilatlarını aktiv olmağa və müsabiqədə iştirak etməyə çağırırıq.
– Sizcə hazırkı Azərbaycan gəncliyində çatışmayan xüsusiyyətlər nələrdir? Sizi qane etməyən məsələlər nədir?
– Bu gün region gənclərinin ictimai həyatda aktivliyinin artması daha çox arzuolunandır. Məhz regionlarda yaşayan gənclərin sosial fəallığının artırılması dövlət gənclər siyasətinin qarşısında duran vacib məsələlərdən biridir. Gənclərimiz arasında məlumatlılıq artırılmalıdır, gənclər üçün yaradılan imkanlardan onlar maksimum faydalanmalıdırlar. Bu imkanlardan maksimum faydalanaraq həm özləri inkişaf etməli, həm də dövlətin inkişafının aparıcı qüvvələri olmalıdırlar. Mən xarici dövlətlərdə olarkən həmin dövlətlərdə gənclər siyasəti ilə, həmin dövlətin gənclərə yaratdığı imkanlarla maraqlanıram. Və tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətinin bu gün gənclərə yaratdığı şərait nəinki, Şərqi Avropa, hətta Qərbi Avropanın bir sıra dövlətləri ilə nəinki müqayisə oluna bilər, hətta üstünlük təşkil edə bilər. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının yaradılmasında və icrasında məhz Azərbaycan gəncliyi iştirak edir.
– Fondun gənclərlə əməkdaşlığı hansı səviyyədədir, onlar sizə layihələr təqdim edirlərmi?
– Fond yarananda biz həmin bu əməkdaşlığı müasir zamanın tələbinə və gənclərin bugünkü çağırışlarına uyğun və eyni zamanda şəffaflığın təmin edilməsi məqsədilə məhz internet vasitəsilə qurmağa qərar verdik. Gənclər üçün bizimlə əlaqə saxlamaq, müraciət etmək, istənilən məsələ ilə bağlı məlumat almaq çox asandır. Onlar birbaşa saytımıza müraciət edərək və ya ofisimizə gələrək bizimlə ünsiyyətdə olurlar, onları maraqlandıran suallara cavab alırlar. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir. Bizim istəyimiz gənclər üçün faydalı olmaq, onların ideyalarını, təşəbbüslərini həyata keçirmələrinə dəstək olmaqdır. Gənclərdən isə ideyalar irəli sürməyi, fəal və təşəbbüskar olmağı gözləyirik.
– Bir il ərzində Azərbaycanı dünyada tanıtmaq üçün hansı layihələri həyata keçirmisiniz?
– Daha öncə qeyd etdiyim kimi, Fond maliyyə dəstəyi verdiyi layihələrlə yanaşı, müxtəlif layihələrin həyata keçirilməsində də birbaşa iştirak edir. Ölkəmizin dünya miqyasında tanınması istiqamətində görülən işlərə dəstək vermək məqsədilə keçirilən bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan Gənclər Fondu həm təşkilati dəstək göstərmiş, həm də iştirakçı qismində çıxış etmişdir. Buna misal olaraq İstanbulda keçirilən “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” konfransı, Vyanada keçirilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” forumu, Manhaymda keçirilən “Gənc təbiblərin Almaniya Forumu” kimi beynəlxalq tədbirləri göstərmək olar. Bu kimi konfransların, forumların keçirilməsi həm ölkəmizin beynəlxalq arenada tanınmasına, həm müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək fikir və təcrübə mübadiləsi aparmasına, əldə olunmuş uğurlardan və gələcəkdə həyata keçiriləcək fəaliyyətlərdən xəbərdar olmalarına xidmət edir.
– Bizim gənclər ən çox hansı sahələrdə aktivdir?
– Gənclərin sosial həyatın bütün sahələrində aktivliyi artmaqdadır. İstər dövlət sektorunda, istərsə də özəl sektorda, həmçinin ictimai fəaliyyətdə gənc kadrların sayı sürətlə artır. Burada dövlətin gənc kadrlara verdiyi üstünlük mühüm rol oynayır. Həmçinin, könüllülük işinin təşkilində gənclərimiz fəal iştirak edirlər. Gələcək liderlər bugünün fəal gəncləridir. Buna görə də müasir imkanlardan, yaranmış şəraitdən istifadə edərək formalaşan gənc liderlərə böyük ümidlər bəslənir.
– Müxalifətçi gənclərlə fondun əməkdaşlığı hansı səviyyədədir?
– Biz gənclər arasında fərq qoymuruq. İqtidara və ya müxalifətə yaxın olan gənclər hər biri Azərbaycan vətəndaşıdır. Biz bütün gənclərə dəstək olmağa, onların ideyalarını reallaşdırmağa hazırıq. Bizim üçün gənclərin siyasi görüşlərinin müxtəlifliyi onları bizdən uzaqlaşdırmır. Sadəcə olaraq, Gənclər Fondu əsasnaməsinə uyğun olaraq siyasi layihələrin maliyyələşməsində iştirak etmir. Digər sahələrə gəldikdə isə gəncləri əhatə edən bütün sosial və humanitar sahələrdə onların inkişafına yönəlmiş layihələri təqdim edən gənclər və ya gənclər təşkilatları Gənclər Fonduna müraciət edərək dəstək ala bilərlər.
Günel Türksoy