Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Mingəçevirdə fəal gənclərlə görüşüb, onların gələcək planları ilə maraqlanıb.
Fondun icraçı direktoru əvvəlcə Mingəçevir Gənclər Evi ilə yaxından tanış olub, gənclərin fəaliyyəti barədə ətraflı məlumat əldə edib.
Daha sonra gənclər evində keçirilən görüşdə Fondun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin müdiri Tural Kərimov, yerli gənclər təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirir. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.
Fərid Cəfərov bildirib ki, gənclərlə görüşdə əsas məqsəd Fondun fəaliyyəti barədə onları məlumatlandırmaq, yerli gənclər təşkilatlarının rəhbərləri ilə görüşmək, onların problemləri ilə maraqlanmaq, gələcək planları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparmaqdır.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Mingəçevirdə gənclər sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, şəhərdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Mingəçevirdə yüzlərlə yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib ki, bu da gənclərin hərtərəfli inkişafına kömək olub.
Gənclərlə görüşdə tələbələrin yataqxana problemləri də müzakirə olunub. Sonda gənclərin sualları cavablandırılıb.