Azərbaycan Gənclər Fondu Şəmkir gəncləri ilə görüş keçirib

1042

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Şəmkir gəncləri ilə görüşüb.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Gənclər Təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov hər sahədə olduğu kimi gənclər sahəsində də əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu gün Şəmkirdə gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb.
Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirir. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.
“Böyük Yol” Gənclərin İctimai Birliyinin sədri Güllü Atakişiyeva, Şəmkir “Gənc Həkimlər Birliyi”nin sədri Samir Namazov, “Gənc Müəllimlər Birliyi”nin sədri Kənan İbrahimov, “Gənc Tərbiyəçilər Birliyi”nin sədri Nigar Hüseyinli, Zəka Gənclərin İntelektual İnkişafı Mərkəzinin əməkdaşı Jalə Kamalova və başqaları çıxış edərək Şəmkir gənclərinin uğurlarını dövlət tərəfindən onlara göstərilən hərtərəfli qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.