Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc Rəcəbov Soltan İlham oğlu tərəfindən Naftalan şəhərində həyata keçirilən “Region gəncləri üçün Azərbaycan tarixi olimpiyadası” adlı layihə başa çatmışdır.
Layihənin məqsədi Azərbaycan tarixinin gənclər arasında təbliğ edilməsi və tarixi abidələrin qorunması, tanıdılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.
Olimpiyada da zamanı gənclərə Azərbaycan tarixini özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır. 4 gün davam edən təlimlərdə ümumilikdə 130 nəfərə yaxın gənc iştirak etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindənidir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlığı yaranır.
Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə, bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında ziddiyyətlər güclənməyə başlayır.
Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştilik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq “Azərbaycan” şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mənəvi və dünyəvi mədəniyyət inkişaf edir.