Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Tələbələrin məşğulluğuna yardım mərkəzi” adlı layihə başa çatıb.
Layihənin ilk mərhələsi Bakı Humanitar Kollecində keçirilmişdir. Kollecdə keçirilən açılış mərasimində iştirak edən Azərbaycan Tələbələr Birliyinin idarə heyətinin sədri Həmid Qasımov layihə iştirakçısı olan tələbələri salamlamış və layihənin önəmindən danışmışdır. Azərbaycan Tələbələr Birliyinin yarandığı gündən tələbələrlə bağlı aktiv iş apardığını deyən Həmid Qasımov bundan sonra da Birliyin fəaliyyətinin tələbələrin ideyaları üzərində qurulacağını vurğulamışdır.
Layihənin ikinci mərhələsi isə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində həyata keçirilmişdir. Bu mərhələdə də tələbələrin iştirakı ilə bir neçə təlim keçirilmişdir. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin ali təhsili bitirdikdən sonra iş tapması zamanı onlardan tələb olunan biliklərə yiyələnmələrini təmin etməkdir. Layihənin fəaliyyətlərinin əsas hədəfi tələbələrin iş axtardığı zaman onlardan tələb olunan CV yazılışı, komandada uğurlu fəaliyyət, müsahibə zamanı düzgün davranmaq kimi qabiliyyətləri onlara ötürmək olmuşdur.
Qeyd edək ki, tələbələrə sözügedən sahə üzrə zəruri maarifləndirici materiallar da paylanılmışdır.
Layihə iştirakçısı olan gənclər layihənin davamlı olmasının və digər regionlarda da layihənin həyata keçirilməsinin çox vacib olduğunu qeyd etmişlər.