Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatı dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ali məktəb tələbələri arasında Azərbaycanda ilk dəfə olaraq “Poliqon Strateji İntellekt Oyunu üzrə Universiada” layihəsi həyata keçirilir.
“Poliqon” Strateji İntellekt Oyunu Azərbaycanda daha doğrusu Zərdab rayonunda yaradılmış Milli İntellektual Oyundur. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının müvafiq bəndinə uyğun olaraq ölkədə intellektual oyunların təbliğinə dəstək olmaq məqsədi ilə Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev tərəfindən yaradılmış “Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması ilə yanaşı strategiya qurmaq və onların intellektual inkişafına dəstək olmaq məqsədlərini özündə birləşdirən yeganə intellektual oyundur. Oyun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
İlk vaxtlarda Poliqon oyunu kiçik miqyaslı olaraq Zərdab və ətraf regionlarda təşkil edirlirdi. Lakin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qaliblərindən olan “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin “Poliqon” Strateji İntellekt Oyunu üzrə Universiada” layihəsi nəticəsində oyun miqyasını genişləndirərək Bakıda yerləşən ali məktəb tələləbələri arasında da təşkil olundu.
“Poliqon SİO” üzrə ilk “Universiada”-nın seçim turlarında 77 komanda final oyununda isə 36 komanda olmaqla ümumilikdə 103 komandanın 1000 nəfərə yaxın intellektual tələbələr iştirak etdilər.
15 dekabr 2017-ci il tarixdə “Pullman Baku Hotel” də keçirilən final oyununda Azərbaycan Respublikasının Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Kənan Firdovsioğlu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov iştirak etdilər.
Universiadanın keçirilməsində əsas məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması, milli intellektual oyunlar hərəkatını genişləndirmək və bu fəaliyyətin ənənəvi forma almasını təmin etmək, gənclərin intellektual və strategiya qurmaq potensiallarını üzə çıxarmaq, özünəinam, özünüdərk hissini aşılamaq və inkişaf etdirmək, gəncləri zərərli vərdişlərdən çəkindirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, müxtəlif tələbə təşkilatları və intellektual klublar arasında əməkdaşlığın genişlənməsinə imkan yaratmaq, gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları daha da inkişafa sövq etməkdən ibarətdir.