Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan “Rəqs et!” layihəsinin təqdimatı keçirilib.
Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən “Rəqs et!” layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönələn bir layihədir. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət olan video çarx ərsəyə gətirilibdir. “Rəqs et!” layihəsinin ana hədəfi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır. Bundan irəli gələrək “Rəqs et!” layihəsi çərçivəsində yerli və əcnəbi gənclərin iştirakı ilə 10 müxtəlif rəqslər lentə alınıb. Hazırlanan video çarxda gənclərin istedadlarının üzə çıxarılması məqsədi ilə bu janrlar üzrə rəqslər oynanılıb: milli rəqs, Popping, electro dance, Break dance, Dance hall, Jazz-Funk, Concept, LA(elay), Shuffle. Sonda isə video çarxın KİV nümayəndələri, təşkilat nümayəndələri və gənclər üçün təqdimat mərasimi keçirilib.
Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, Gənclər Fondunun bu fəaliyyətdə gənclərə, fərdi layihələrlə bağlı olan təşəbbüslərə dəstək olduğunu bildirib. Həmçinin sədr onu da qeyd edib ki, “İrəli” İctimai Birliyi də gənclərin layihələrinin, ideyalarının həyata keçirilməsində hər zaman onlara dəstək olur. Çıxışın sonunda sədr təşkilatın həyata keçirəcəyi “Milli Təcrübə Forumu” və forumun gənclərə təhsil müddətində əldə etdiyi nəzəri biliklərin praktikada möhkəmləndirilməsi üçün ixtisasa müvafiq təcrübəyə yiyələnməyin zəruriyyətini aşılamaq, biznes və dövlət qurumlarının korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə təcrübə imkanı tanıyan və peşəkar ixtisas sahibi kimi yetişdirməyə maraqlı strukturlarda cari imkanlardan yararlanması üçün əlaqələrin möhkəmləndirilməsində şərait yaradacağı haqqında məlumat verib.
Rəqs insanlar arasında ən qədim, həm də ən dramatik ünsiyyət vasitələrindən biridir. O, insanın hiss və həyəcanlarını, yaşantılarını, psixoloji dərketmə funksiyasını, müstəqil düşünmə və kəşfetmə qabiliyyətini təzahür etdirən hərəkət növüdür. Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin ən qədim və zəngin qoludur. Milli Azərbaycan rəqslərində xalqın özünəməxsusluğu, adət-ənənələri, inkişaf səviyyəsi əks olunur. Həmçinin beynəlxalq rəqslərdə özünəməxsus yer tutur və zənginliyi ilə seçilir. Bütün bunları nəzərə alaraq “Rəqs et!” layihəsini həyata keçirərək milli və beynəlxalq rəqslərin təbliğini aparmaq, istedadlı gənclərin üzə çıxarılmasında vasitəçi rol oynamaq da layihənin ana məqsədlərindəndir.
Qeyd edək ki, layihənin ünvanlandığı əsas hədəf kütləsi rəqs sahəsində istedadı olan yaradıcı gənclərdir.