2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir. Bütün üzvlərin iştirak etdiyi toplantıda təşkilati məsələlərə baxılmışdır. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov Şuranın katibi seçilmişlər.
İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibəti ilə təbrik etmişdir. Ə.Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini vermişdir.
Daha sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılmışdır. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilmişdir. Yeni elan ediləcək müsabiqə çərçivəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 13, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınmışdır. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınmışdır.
Müşahidə Şurasının iclasında Fondun icraçı direktoru Fərhad Hacıyev və Aparat rəhbəri Faiq Qürbətov iştirak etmişlər.
Qeyd edək ki, Müşahidə Şurası Gənclər Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli Sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunmuşlar:
dövlət orqanlarından
Tahir Süleymanov – Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
İntiqam Babayev – gənclər və idman nazirinin müavini
Ceyhun Bayramov – təhsil nazirinin müavini
Rafiq Bayramov – Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri
Cavid Məmmədov – Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
gənclər təşkilatlarından
Nurəddin Mehdiyev – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri
Mirhəsən Seyidov – “İrəli” İctimai Birliyinin sədri
Seymur Hüseynov – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Seymur Orucov – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri