[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/PICT2043.jpg” ]
“Şəfəq” Ekoturizm İctimai Birliyi 4 oktyabr 2012-ci il tarixində Astara gəncləri ilə görüş keçirmişdir. Tədbir Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihə çərçivəsində Astara Rayon İcra Hakimiyyəti, Rayon Mədəniyyət və Turizm şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə reallaşmışdır. İştirakçılar arasında Astara rayonunda fəaliyyət göstərən bir sıra QHT və dövlət qurumlarının nümayəndələri, tələbə və müəllim kollektivi təmsil olunurdu.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov ölkədə, eləcə də Astara rayonunda turizmin inkişaf perspektivindən danışaraq iştirakçıları ətraflı şəkildə məlumatlandırmışdır. O, həmçinin turizmin inkişafında kadr məsələlərinə də toxunaraq, gəncləri bu sahədə fəal olmağa çağırıb. Təşkilatımızın bu sahədəki fəaliyyətindən söz açaraq, hazırkı layihənin gənclər üçün böyük imkan olduğunu bildirmişdir. Tədbirdə Astara rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev Azərbaycanda Dövlət gənclər siyasəti və gənclərə dövlət qayğısından geniş şəkildə danışaraq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində yaradılan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən hazırkı layihənin məhz bu qayğının bariz nümunəsi olduğunu bildirib.
Tədbirdə “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Gənclər Fondunun (AzGF) fəaliyyətindən söz açmış və “Şəfəq” Ekoturizm İctimai Birliyinin həyata keçirdiyi hazırkı layihənin Fond tərəfindən maliyyələşməsinin gənclər üçün əhəmiyyətindən danışmışdır. AzGF tərəfindən maliyyələşən “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihə və layihədə nəzərdə tutulan təlimlərin mahiyyəti barədə gəncləri məlumatlandırdıqdan sonra iştirakçıları maraqlandıran bir çox sualları cavablandırmışdır. Sonda təlimlərə seçilmək arzusunda olan gənclərə ərizə formaları paylanılıb.
Xatırladaq ki, 1 oktyabr 2012-ci il tarixində belə bir tədbir Lənkəran şəhərində təşkil olunmuş və növbəti silsilə tədbirlərin 9 oktyabrda Masallı, 12 oktyabrda Lerik, 16 oktyabrda Yardımlı, 19 oktyabrda Cəlilabad rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində 2-3-4-5-6 noyabr 2012-ci il tarixində Qəbələ rayonunda “Bələdçilik (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” və 30 noyabr-1-2-3-4 dekabr 2012-ci il tarixində isə Lerik rayonunda “Qeydiyyatçı xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı təlim kursları həyata keçiriləcəkdir.