
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramı çərçivəsində gənclər üçün infosessiyalara start verilib.
Təqaüd proqramı barədə gənclərin məlumatlılığını artırmaq məqsədilə təşkil olunan infosessiyaların ilk ünvanı Qarabağ Universiteti olub. 250-dən çox tələbənin iştirak etdiyi infosessiya zamanı Gənclər Fondunun əməkdaşı tərəfindən gənclərə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və prosesi haqqında geniş məlumat təqdim olunub, ardınca gəncləri maraqlandıran suallar cavablandırılıb.
Gənclərin proqram barədə daha dolğun məlumat əldə etməsi baxımından mühüm rol oynayan infosessiyalar növbəti günlərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Univeriteti, Azərbaycan-Fransız Univeriseti və Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçiriləcək.
Xatırladaq ki, təqaüd proqramının əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, onların potensialının üzə çıxarılması və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının inkişaf etdirilməsidir. Proqram çərçivəsində iştirakçılar süni intellekt texnologiyaları, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, eləcə də texnologiya əsaslı innovasiya və startap istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Təqaüd proqramından yararlanmaq istəyən 18-29 yaş arası və İT sahəsi üzrə ilkin biliklərə sahib gənclər https://youthfoundation.az/taqaudproqrami/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.








