
26 fevral 2025-ci il tarixində Avstriyanın Vyana şəhərində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri baş tutub.
Tədbir zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Avstriya Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli, ölkəmizin Avstriyadakı səfirinin müavini Mahur Qasımov və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktor müavini Güldanə Dadaşova Xocalı Soyqırımının tarixi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində Xocalı Soyqırımının günahsız qurbanlarının qisasını döyüş meydanında alması haqqında danışıblar.
Tədbirin davamında “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində ərsəyə gətirilmiş “Əsirlikdə 8 gün” bədii filmi nümayiş etdirilib. Bədii film Xocalı Soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrılı nəticələrinə həsr olunub. Film bacı-qardaşın əsirlikdə yaşadığı dəhşətli günləri və çəkdiyi əzabları əks etdirir.