Yanvarın 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “ADA” Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən “Lex Camp” – qış düşərgəsinin açılış mərasimi baş tutub.
“ADA” Universitetində keçirilən tədbirdə Ədliyyə nazirinin müavini Abiddin Hüseynov, “ADA” Universitetinin prorektoru Elkin Nurməmmədov, Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi hüquq institutunun direktoru professor Kristian Tyetye, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iştirak edərək açılış nitqi ilə çıxış ediblər.
Açılış mərasimindən sonra Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılovun layihə iştirakçıları ilə seminarı təşkil olunub.
Qeyd edək ki, Bakı və Lənkəran şəhərlərində 14-18 yanvar tarixlərində gənc hüquqşünaslar üçün təşkil ediləcək “Lex Camp” – qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusunu əhatə edəcək.
Ümumilikdə 60-a yaxın iştirakçını əhatə edəcək layihədə 5 gün ərzində mülkiyyət hüququ ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır.
Layihə çərçivəsində spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulur. Layihənin digər tədbirləri, eləcə də bağlanış mərasimi Lənkəranda təşkil ediləcək.