Gənclər Fondu gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanda kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etmək məqsədilə 18 oktyabr 2024-cü il tarixindən etibarən müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş həddində olan gəncləri və gənclər təşkilatlarını layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə müsabiqədə iştirak üçün təqdim edilə bilər.
Layihələrin istiqamətləri:
- Rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsullar;
- Müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli video məzmunlar.
Qeyd: Rəqəmsal məhsul və məzmun anlayışına, o cümlədən aşağıdakılar nəzərdə tutulur:
- Veb saytlar
- Videoməzmunlar
- Tətbiqlər (Applications)
- Süni intellekt əsaslı çatbotlar
- Süni intellekt əsaslı analiz alətləri
- Virtual reallıq (VR) və ya artırılmış reallıq (AR) tətbiqləri
- Əşyaların interneti (IoT) əsaslı həllər
- Sosial media hesabları və s.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydır.
Layihələrin məbləği:
Fond tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.
Müsabiqənin müddəti:
- Layihə təklifləri 18 oktyabr 2024-cü il tarixindən başlayaraq təqdim edilə bilər.
- Layihə təkliflərinin təqdim edilməsi üçün son tarix: 10 noyabr 2024-cü il, saat 18:00-dır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə iştirak etmək üçün 18-29 yaş həddində olan gənclər və gənclər təşkilatları Fondun rəsmi internet saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
- Dövlət qeydiyyatına alınmış gənclər təşkilatları yalnız fəaliyyət istiqamətinə uyğun layihə ilə müraciət edə bilər;
- Layihənin təsviri sənədi, həllin detallı təsvir olunduğu təqdimat, maliyyə əsaslandırması (büdcə planı), ilkin tədbirlər planı hazırlanıb sistemə yüklənməlidir;
- Müvafiq meyarlara cavab verən hər bir müraciətçi qrant müsabiqəsi çərçivəsində 1 layihə təqdim etmək hüququna malikdir;
- Gənclər Fondu ilə qrant müqaviləsinin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Qrant müsabiqəsinin qalibi olan gənc layihənin rəhbəri olaraq çıxış etməlidir;
- Layihə təklifi reallığı əks etdirməli və icrası layihəni təqdim edən gənc tərəfindən mümkün olmalıdır;
- Layihə təklifi yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
- Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır;
- Layihənin təklif etdiyi yenilik və unikal yanaşma;
- Layihənin təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilməsinin mümkünlüyü;
- Layihənin texnoloji uyğunluğu və reallaşdırılma imkanları.
Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
- digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz;
- siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.