Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) tərəfindən cari ilin 16 aprel – 10 may tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibləri müəyyən edilmişdir.
Fondun Müşahidə Şurasının 17 iyul 2024-cü il tarixli Qərarına əsasən 62 yerli, 11 beynəlxalq layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir.
Müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29 – İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslərin dəstəklənməsi, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadə olunmasının təşviqi, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslərin dəstəklənməsi və yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirərək onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.
Qrant müqavilələrinin imzalanma tarixi cari ilin 25 iyul – 25 avqust tarixləri olaraq müəyyən edilmişdir.