Azərbaycan Respublikasının Gənclər Fondunun və Türk Dünyası Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı, Pendik bələdiyyəsinin dəstəyi ilə təşkil edilən beynəlxalq düşərgənin 12 iyul tarixində bağlanış mərasimi keçirilib.
Pendik gənclik düşərgəsində təşkil edilən bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Pendik bələdiyyə rəhbərinin müavini Atakan Yüce çıxış edərək, ölkə başçıları cənab İlham Əliyevin və cənab Rəcəp Tayyip Ərdoğanın həyata keçirdiyi siyasət xəttə uyğun olaraq hər iki ölkə arasında qurulan sıx əlaqələrin gənclər sahəsinə də öz müsbət töhfəsini verdiyini və bu səbəbdən günü-gündən gənclərimiz arasında dostluq və qardaşlıq münasibətlərinin artırılması istiqamətində həyata keçirilən layihələrin sayının artdığını xüsusi vurğulamışlar.
İstanbulun Pendik əyalətində təşkil edilən düşərgədə xüsusi fəallığı ilə seçilərək səfər edən 30 gənc düşərgə müddətində hər iki ölkənin tarixini, milli-mənəvi dəyərlərini aşılayan müxtəlif tematik təlimlərdə, İstanbulda yerləşən tarixi-mədəni abidələrin ziyarətində iştirak edərək, türk gənclərlə yaxın dostluq və qardaşlıq əlaqələri qurmağa müvəffəq olmuşlar .
Qeyd edək ki, Pendik əyalətində təşkil edilən düşərgə Azərbaycan Respublikasının Gənclər Fondunun Türkiyədə həyata keçirdiyi növbəti beynəlxalq düşərgədir. Gələcək fəaliyyətlərdə hər iki ölkə gəncləri arasında şəbəkələşməni və qardaşlıq əlaqələrini daha da artırmaq məqsədi ilə türkiyəli gənclərin də ölkəmizə səfəri nəzərdə tutulmuşdur