Noyabrın 11-də Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbələr və Məzunlar Platforması (ASAP) və ADA Universitetinin birgə təşkilatçılığı, eləcə də ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə “Alumni Spirit of Unity for Success Alumni Forum 2” keçirilib.
Forumda Avropanın müxtəlif universitetlərindən olan 100-dən artıq azərbaycanlı, xarici məzun və tələbələr, diplomatik korpusun nümayəndələri və elmi-akademik dairələrin təmsilçiləri iştirak edib. Avropanın 25 ölkəsinin 28 şəhərindən tədbirə qoşulan gənclər Azərbaycanın gənclər siyasəti, şanlı Zəfər tariximiz, beynəlxalq təmsilçilik və Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə bağlı dinləmələrdə və müzakirələrdə iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək elmi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb, mədəniyyət diplomatiyasının mədəniyyətlərarası dialoq, rəğbət və dözümlülük istiqamətində töhfələrini diqqətə çatdırıb.
Tədbirdə daha sonra Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Azad Aslanov, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Teymur Süleymanzadə, ASAP-ın Macarıstan üzrə nümayəndəsi Günay Bayramova çıxış ediblər.
Avstriyanın Azərbaycandakı sabiq səfiri Marius Kalliqaris (2006-2009-cu illər) ölkəmizin beynəlxalq diplomatiyada mövqeyinə, şəxsi təcrübəsi və müşahidələri əsasında regionda gedən proseslərə dair fikirlərini bölüşüb, məzunları maraqlandıran sualları cavablandırıb.
Rəsmilərin və elmi-akademik təmsilçilərin iştirakı ilə baş tutan forumda müzakirə edilən əsas prespektivlərdən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, xarici universitetlərdən məzun olan azərbaycanlı gənclərin ölkəyə qayıdaraq daha keyfiyyətli insan kapitalının formalaşmasına və beynəlxalq təcrübələrin tətbiqinə töhfə verməsi istiqamətində xüsusi çağırışlar olub. Gənclərin ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsində rolundan və ölkələr arasında əlaqələrin inkişafına verə biləcəkləri töhfədən bəhs edilib.
Çıxışlardan sonra qrup müzakirələri keçirilmiş və öncədən yaradılan qruplar öz müzakirə nəticələrini təqdim etmiş və gələcək inkişafla bağlı aşağıdakı təklifləri səsləndirmişlər.
Forum gənclər arasında təşkil edilən şəbəkələşmə oyunları və Avstriyada incəsənət ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin bədii kompozisiyaları ilə yekunlaşmışdır.