Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə həyata keçirdiyi “Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir. Proqramın məqsədi cəmiyyətin bütün sferalarında gənclərin iştirakçılığı və təmsilçiliyinin artırılması, yeni nəsil liderlərin üzə çıxarılması, onların liderlik qabiliyyətinin inkişaf etdirilməsi və hərtərəfli təkmilləşdirilməsidir.
Proqramın seçim mərhələləri ərizə qəbulu, test imtahanı, fərdi və panel müsahibə olmaqla 4 hissədən ibarət olacaq. Proqram çərçivəsində bütün seçim mərhələlərindən uğurla keçən 20 gənc lider təlimlərə, rəhbər şəxslərlə görüşlərə cəlb olunacaq, kouç və mentorlarla işləyəcək, onlara fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək və karyera inkişafı təşviq olunacaq.
Belə ki, ilkin olaraq gənc liderlər şəxsi inkişaf və liderlik qabiliyyətlərinin artırılması məqsədilə yerli və peşəkar mütəxəssislərin baza təlimlərində və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcəklər. Təlimlər ümumi bilik və bacarıqlar və ixtisaslaşmış sahələr üzrə olacaqdır. Təlim və görüşlərdə iştirak edərək proqram iştirakçıları fərdi şəkildə təkmilləşməklə yanaşı gələcəkdə karyera quruculuğu sahəsində də önəmli addım atmış olacaqlar.
Proqramda iştirak haqqı qazanan gənc liderlər üçün individual və kiçik qruplar şəkilində kouçinq seansları keçiriləcək. Kouçlar tərəfindən mütəmadi olaraq gənc liderlərin 360 qiymətləndirilməsi təşkil olunacaq, fərdi inkişaf və karyera planı hazırlanacaq və onlara konsultasiya xidməti təqdim olunacaq. Eyni zamanda, gənc liderlərlərdən ibarət 4 komanda formalaşdırılaraq hər komandaya 1 nəfər mentor təhkim olunacaq. Proqramın gedişatında mentorlar komanda üzvlərinin fərdi qiymətləndirilməsini apararaq müxtəlif formalarda öz dəstəyini göstərəcəkdir.
Proqramı uğurla yekunlaşdıran gənc liderlərə fərdi inkişaf qrantının ayrılması nəzərdə tutulmuşdur. Gənc liderlər bu vəsaitin yarısını kouçla birgə müəyyən olunan fərdi inkişaf planına uyğun olaraq ixtisaslaşdırılmış təlimlər üçün istifadə edəcəkdir. Vəsaitin ikinci yarısı təşkilatçılar tərəfindən müəyyən olunmuş gənclərlə işləyən təşkilat və qurumda 3 ay müddətində gənc liderin layihə rəhbəri olaraq işə cəlb olunmasına yönəldiləcəkdir. Gənc Liderlər Proqramından məzun olduqdan sonra da onların fərdi karyera planına uyğun olaraq qiymətləndirilməsi üçün müxtəlif fəaliyyətlər təşkil ediləcək, karyera yüksəlişi təşviq olunacaqdır.
Proqramda iştirak üçün 18-27 yaş arası və minimum 1 il ictimai sahədə təcrübəsi olan gənclər www.genclider.az veb səhifəsi vasitəsi ilə 1 dekabr 2023-cü il saat 18:00-dək müraciət edə bilərlər.
Xatırladaq ki, pilot layihə olaraq ilk dəfə 2019-cu ildə “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) adı altında təşkil olunan proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasından seçilən 30 gənc liderin fərdi və karyera inkişafına dəstək göstərilib.