Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir. Eyni zamanda, proqram əslən Şərqi Zəngəzurdan olan gənclərin öz doğma torpaqlarında həyata keçirilən yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi mədəni irsinin təbliğində iştirakının təşviq edilməsinə və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verilməsinə hesablanıb.
Zəngilan könüllülərinin Ağalı kəndinə təşkil olunan səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllü gənclərlə görüşüb, cəmiyyətin inkişafında önəmli olan fəaliyyətlərində onlara uğurlar arzu edib və bu proqramın onlar üçün də faydalı olacağını qeyd edib. “Ölkəmizin dayanıqlı inkişafında könüllülük fəaliyyəti olduqca böyük önəm daşıyır. Sizin fəaliyyətiniz işğaldan azad olunmuş Zəngilanda olacağı üçün siz də öz növbənizdə cənab Prezidentin rəhbərliyi altında aparılan tikinti-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” prosesinə öz müsbət töhfənizi vermiş olacaqsınız. Bu proqram həm də sizə yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində özünüzü inkişaf etdirməyə yardımçı olacaq. Mən sizə uğurlar arzu edirəm!”,- deyə Vahid Hacıyev bildirib.
Daha sonra könüllülər “Böyük Qayıdış”ın rəmzi olan, “Ağıllı kənd” layihəsi ilə yenidən qurulan, həyatın canlandığı Ağalı kəndinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblar.
Həmçinin səfər zamanı könüllülər kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, öz təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bilidirilib ki, Zəngilan könüllülərinin kəndə bu cür səfərlərinin tez-tez təşkil olunması, eyni zamanda Nümayəndəliklə birlikdə Ağalı kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində könüllülər tərəfindən Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak, buraya səfər edən yerli və xarici qonaqlarla iş, qayıdışa hazırlıq, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.