Müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 12 may tarixində Bakı Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan deyəndə…” adlı Gənclər Konfransı keçirilib.
Konfrans 3D formatında hazırlanan Azərbaycan xəritəsinə ölkəmizin hər bir bölgəsindən dəvət edilən gəncin gətirdiyi bir ovuc torpağı xəritəyə yerləşdirməsi ilə başlayıb. 300 gəncin iştirak etdiyi tədbirin rəsmi hissəsinin açılışı Dövlət Himninin səsləndirilməsi və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə baş tutub.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ulu Öndərin ölkə gənclərinin problemlərinin həllində, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunmasında, milli adət-ənənələrə, saf dəyərlərə bağlı yetişməsində dövlət səviyyəsində həyata keçirdiyi böyük siyasi fəaliyyətlər barədə bəhs edərək bu günkü müasir gəncliyimizin əldə etdiyi zəfər və uğurlara görə Ümummilli Liderin təməlini qoyduğu siyasi xəttə borclu olduğunu dilə gətirdilər.
Konfransın gedişatında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film tədbir iştirakçılarına nümayiş edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovla gənclərin görüşü baş tutub. Misir Mərdanov Ümummilli Liderlə olan xatirələrindən və onun Azərbaycan elminin, təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edərək gənclərin suallarını cavablandırıb.
Gənclər Konfransının ikinci yarısında iştirakçılara dahi şəxsiyyət Heydər Əliyevin gənclərlə bağlı fikirlərinə əsaslanan İdeyaton tapşırığı verilərək, onların hazırladıqları ideya və təklif təqdimatları dinlənilib, uğurlu hesab edilən layihənin reallaşdırılması üçün dəstəyin göstərilməsi nəzərdə tutulub.