Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan Azərbaycanlı gənclər yerli sakinlərin ən böyük dəstəkçilərindən birinə çevrilib. Azərbaycanlı könüllü gənclər harada onların dəstəyinə ehtiyac varsa, dərhal həmin düşərgələrə, çadırlara, səyyar məntəqələrə, habelə ucqar kəndlərə gedir, yerli sakinlərə humanitar fəaliyyətlərin çatdırılmasında fəal şəkildə iştirak edirlər.
Eyni zamanda Azərbaycan könüllüləri fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində, eləcə də ucqar kəndlərdə yaşayan ailələrə mütəmadi olaraq qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımlar paylayır, zəlzələdən zərərçəkən ailələrin qayğısına qalır.
Zəlzələdən ən çox təsirlənənlərin uşaqlar olduğunu nəzərə alaraq, azərbaycanlı könüllülər uşaqları daima diqqətdə saxlayır, türkiyəli həmkarları ilə birlikdə onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Belə ki, gənclərimiz üç həftədir fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində yaşayan həssas vəziyyətdəki uşaqlara xidməti davam etdirir. Könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün uşaqlara qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara və analarına xidmət göstərməklə yanaşı, uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır.
Qardaş ölkədəki bu çətin günlərdə zəlzələdən zərərçəkənlərə xidmət etmək, ailələrə dəstək göstərmək, xüsusilə də travma almış uşaqların qayğısına qalmaq, onların qəlblərini isitmək çox vacib bir missiyadır. Gənclərimizin həmin bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə həm yerli sakinlərin, həm də çoxsaylı yüksək səviyyəli rəsmilərin şəxsən görüşərək onlara minnətdarlıq etməsi, gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyası uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.