Ötən əsrin ən dəhşətli, faciəli hadisələrindən biri olan və xalqımızın yaddaşında dərin yaralar qoyan Xocalı soyqırımının 31-ci ildönümü tamam olur. Bu münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Unudulmayan tarix” adlı tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbiri, iştrakçıların Ağdam Şəhidlər Xiyabanına ziyarəti ilə başladı. Rəsmi və bədii hissələrdən təşkil edilən tədbirdə rəsmi şəxslər, Xocalı şahidləri, gənclər, xarici ölkələrin diplomatik korpusunun və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Rəsmi hissənin açılışında çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov artıq üç ildir ki, bu günü alnıaçıq və başıuca keçirdiyimizi, tökülən qanların qisasını müharibədə döyüş meydanında aldığımızı qeyd edərək, Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilən 26 fevral tarixini unutmamağı və gələcək nəsillərə çatdırmağı gənclərə çağırış etdilər.
Tədbirdə Xocalı soyqırımının şahidləri olan Dürdanə Ağayeva və Tofiq Süleymanovun çıxışları dinlənilərək xalqımıza qarşı törədilən dəhşətin miqyası təkrar xatırlanıb.
“Unudulmayan tarix” adlı anım tədbirinin bədii hissəsində baş tutan “Xocalı nişanəsi” filminin nümayişi iştirakçıların yaddaş tarixini yeniləmiş və Azərbaycan Dövlət Pantomim teatrı tərəfindən təqdim edilən “Xocalı-bu olub” tamaşası, Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin çıxışında bədii kompozisiya iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Sonda dünya şöhrətli fotojurnalist Reza Deqhati tərəfindən qurulan sərgi və maarifləndirici stendə baxışla davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin 17:00-da 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatmışdır.