Türkiyədəki zəlzələdən sonra zərərçəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş, Hatay, Adıyaman ilə yanaşı, ilk dəfə Malatya şəhərində də yerli sakinlərə xidmət ediblər. Artıq 10 gündən çoxdur ki, təbii fəlakət bölgələrindəki çadır şəhərciklərdə çalışan könüllü gənclərimiz minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edir.
Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edir, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Könüllülər həmçinin ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.
Eyni zamanda, gündəlik olaraq Azərbaycan gəncləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edir. Belə ki, ötən gün Malatyada çadırlar qurularaq, ana-uşaq dəstək mərkəzi kimi istifadəyə verilib. Bununla yanaşı, azərbaycanlı könüllülər tərəfindən təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti də göstərilir, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər növ fəaliyyətlər təşkil olunur. Belə ki, ötən gün ilk dəfə uşaq mərkəzlərinin birində uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün şərait yaradılıb.
Həmçinin qeyd edək ki, könüllülərimizin növbəti qrupu ötən gün qardaş ölkənin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb.